Epilepsiya – əsas əlaməti təkrarlanan və adətən provokasiya olunmayan (refleks epilepsiyalar istisna olmaqla) epilepsiya tutmaları (ET) olan, müəyyən sindromlar zamanı şəxsiyyətin dəyişilməsinin xüsusi tipi və psixi pozuntularla müşayiət edilən müxtəlif etiologiyalı heterogen xəstəliklər qrupudur. Epilepsiya tutması – baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür. ET epileptik boşalmalara cəlb olunmuş baş beyin şöbələrinin funksional vəziyyətindən asılıdır və bu zaman ali baş beyin funksiyalarının pozulması, düşüncənin pozulması, anomal sensor və psixi hissiyyatlar, hərəki (motor) pozuntular, yayılmış tutmalar müşahidə olunur.
Epilepsiya ən qədim xəstəliklərdən biridir. Müasir həyat tərzi ilə əlaqədar olan bəzi xəstəliklər istisna olmaqla bütün xəstəliklər elə insanın yaranması ilə başlayıb, yəni qədim dövrdən mövcud olub. Epilepsiya xəstəliyi çox maraqlı və insan beyni ilə maraqlananlar qarşısında böyük imkanlar açan nevroloji bir patalogiyadır. Klinikası ilə əlaqədar olaraq xalq dilində ona müxtəlif adlar verilib: ürəkgetmə, qıcolma və s. Xəstəliyin etimoloji adında bu ənənə özünü göstərir. Epilesiya sözü yunanca "epilambano" sözündən götürülüb mənası "yıxılıram" "tuturam" deməkdir. Bundan başqa, epilesiyanın xarakterik klinikası və gedişi qədim insanların şüurunda qəribə duyğular formasında əks olunub. Ona "ilahi xəstəlik", "Herkules xəstəliyi" kimi adların verilməsi məhz onun o zaman üçün anlaşılmaz olan tutmaları ilə bağlı olub və nəhayət epilepsiyaya "dahi xəstəliyi" damğasının vurulması da elə-belə olmayıb. Tarixə müraciət etsək, görərik ki, Napoleon Bonapart, Yuli Sezar, Dostoevski, Qeorq Fridrix Hendel, Alfred Nobel, Dante kimi böyük tarixi şəxsiyyətlər bu xəstəlikdən əziyyət çəkib. Tibbi ensiklopediyanın məlumatına görə, bu xəstəliyin baş verməsinin səbəbi sinir sisteminin pozulmasıdır, amma heç də psixi xəstəlik deyil. İnsan çox əsəbləşəndə, tez-tez spirtli içkilər qəbul edəndə, hətta çoxlu dərman qəbul edəndə də epilepsiya tipli tutmalar təhlükəsi meydana çıxır.